24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ukraynalı politoloq: "Ölkəmizdə müharibəyə Qərbin 2014-cü ildəki davranışı səbəb oldu"

Tarix: 18-06-2023 / 20:11 | Baxılıb: 351
yazıyı büyüt yazıyı küçült
Ukraynalı politoloq: "Ölkəmizdə müharibəyə Qərbin 2014-cü ildəki davranışı səbəb oldu" Ukraynalı ekspert, politoloq Valeri Dımovun 24 İNFO-ya eksklüziv müsahibəsi:

- Cənab Dımov, yəqin ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki kimi təqdim edilən şəxsin açıqlaması ilə tanışsınız. Bu adamın demək istədiklərində hansı gizli mesaj ola bilər?

- Amerikalılarda belə bir söz var. Əvvəlcə baxmaq lazımdır ki, bu fikirləri kim deyir. Rusiya təbliğatçılarının Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki kimi təqdim etdiyi adam heç öz YouTube kanalında bir neçə yüz izləyici belə toplaya bilməyib. Larri Conson deyəndə bütün amerikalıların ağlına ilk növbədə bu şəxslə eyni adı daşıyan məşhur basketbolçu gələcək. Lakin düşünsək ki, ABŞ-da bu cür açıqlamaları sevən ultrasağçı və ultrasolçu təbliğatçılar var, habelə Rusiya bu adamlara milyardlarla dollar sərf edir, o zaman görərik ki, istənilən marginal bu cür avantüralara asanlıqla boyun əyir. Bundan sonra da vəziyyət belə davam edəcək. Sualınızın cavabına gəlincə, bu cür fikirlər mənə bir məşhur ifadəni xatırlatdı: "Sən mənim yemək istədiyim hər şeyin səbəbkarısan". Bu cümlə İvan Krılovun "Canavar və quzu" adlı təmsilindəndir və indiki məqamda çox yerinə düşür. Belə deyim: "Evinin qarət olunmasında onu həddindən artıq zövqlü təchiz edən sahibi günahkardır".

- Bəs yaranmış vəziyyətdə Ukraynanın belə demək olarsa, günahı nədir?

- Vaxtilə, bir qədər də dəqiqləşdirsək, 300 il əvvəl Rusiya Ukrayna xalqından onun tarixini, müqəddəs məbədlərini, xalqını və hətta dilini belə qəsb edib. Sonradan Ukrayna xalqını yüzilliklər boyunca qətlə yetirib, əllərindən bütün sərvətini alıb, nəticədə məhvə məhkum ediblər. İndi ərazisində müharibə aparmaqla, göstərmək istəyirlər ki, o zaman yaşadığı bütün faciələrə baxmayaraq mövcudluğunu saxlamağı bacaran Ukrayna məhz elə buna görə günahkardır. Hazırda isə bu dırnaqarası günahın cəzasını çəkir.

- Bəzi dairələrdə belə bir fikir səslənir ki, Ukraynada yaşananlar Rusiya ilə bu dövlət arasında yox, Avropa ilə Rusiya arasındakı ədavətin nəticəsidir. Bu açıqlamaları necə şərh etmək olar?

- Bilirsiniz, Rusiyanın başqa dövlətlərdən fərqi ondan ibarətdir ki, orada özlərindən yaxşı şəraitdə yaşayan ölkələrə qısqanclıqla yanaşılır və bunu ədalətsiz hesab edirlər. Bu o deməkdir ki, Rusiya istər Avropa sivilizasiyasının tərkib hissəsi olan Ukraynaya, istərsə də özlərinin doğru bildikləri yolla Qərbə doğru irəliləmək, Moskvanın qəbul etdirməyə çalışdığı "dəyərlərdən" kənara çıxmaq istəyən dövlətlərə qarşı aqressiv davranış nümayiş etdirir. Buna görə də hesab edirəm ki, Kremlin qaydalarına uyğun mövqe sərgiləyən və özlərini analitik adlandıran şəxslərin davranışları başdan-ayağa qorxunc yalan və riyakarlıqdan başqa bir şey deyil.

- Rusiya-Ukrayna müharibəsi başlayanda tirajlanan fikirlərdən biri diqqətimi çəkmişdi. O zaman deyirdilər ki, Qərb rəsmi Kiyevi bu müharibəyə sürükləyib, özü isə kölgədə qalmağa üstünlük verdi. Bu fikirlərdə həqiqət payı nə qədərdir?

- Mən onlarla razıyam. İndi əsaslandıraram nəyə görə...Qərbin ilk vaxtlarda yol verdiyi əsas yanlışlıq bu idi ki, əvvəlcə orada Ukrayna ərazilərinə Rusiya tərəfindən təcavüz olunması faktını qəbul etmək istəmirdilər. Bundan əvvəl isə hələ 2014-cü ildə Rusiya qoşunları Donetsk və Luqansk ərazilərində daxil olarkən də analoji mövqe sərgilənmişdi. O dövrdə Qərb də, Avropa da baş verənlər qarşısında sükut nümayiş etdirirdi. Məhz belə bir yanaşma indiki vəziyyətin yaranmasına səbəb oldu. Nəticədə 2022-ci il fevralın 24-də Rusiya qoşunları ərazilərimizə hərbi müdaxilə etdiyi zaman Qərb öz səhvlərini etiraf etməyə məcbur oldu və...

- ...Axı indi Qərb də, Avropa İttifaqı da Ukraynaya hərbi dəstək verir və bu siyasət davam edir. Demək olarmı ki, onlar səhvlərindən nəticə çıxarıb?


- Bilirsinizmi, indi elə bir vəziyyət yaranıb ki, hər iki tərəf Ukraynaya dəstək verməyə sadəcə olaraq borcludur. Hamıya məlumdur ki, ordumuzun cəsarəti ilə yanaşı, həm də yaxşı silahlanmış olması da müharibədə qalib gəlməyimizin əsas şərtlərindən biridir. Silahı da bizə Qərb verir.

- Bəs indi nə olacaq? Müharibənin nəticəsini soruşuram. Bununla bağlı fikirlərinizi bilmək maraqlıdır.

- Rusiya tarixən Qərbin qarşısında geridə olub və bu dəfə də belə olacaq. Bu ölkənin bəxti onda gətirib ki, istər dünya miqyasında, istərsə də Avropada onun mövcudluğunda maraqlı qüvvələr daim olub. İndi isə vəziyyət radikal dərəcədə dəyişib. Hazırda qalib gələn tərəf bizik və bu, belə də olacaq. Ukrayna Qərb dəyərlərinin ayrılmaz tərkib-hissəsidir.

Analitik






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ